Azərbaycan Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən film istehsalını və dublyaj fəaliyyətini həyata keçirən, mikro sahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azad edilib. Bu dəyişiklik 2024-cü ilin yanvarın 1-dən etibarən 3 il müddətinə nəzərdə tutulub.
Bəs bu yenilik kino sahəsinə necə təsir edəcək?
Azərbaycanda ilk açılan (1999) peşəkar kino şirkəti olan “Cinealliance” MMC-nin təsisçisi və rəhbəri Əliağa Məmmədov "Azərbaycan Post"un bu və digər suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
" - Sizcə, yeni dəyişiklik Azərbaycan kinosunun inkişafına necə təsir edəcək?
- 2024-cü ilin ilk günlərində duyduğumuz bu xəbər Azərbaycanda kino sahəsi üzrə fəaliyyət göstərən hər kəs tərəfindən müsbət qarşılandı. Sevindirici haldır ki, uzun müddət gözlədiyimiz bu addım Azərbaycan kinosunun inkişaf yolu üçün dövlət tərəfindən açılan bir yaşıl işıq idi. İllərdir Mədəniyyət Nazirliyində davamlı kadr islahatları sonunda öz bəhrəsini verdi. Buna görə bu işdə israrla əməyi olan hər kəsə, şəxsən Azərbaycan Mədəniyyət Nazirinə və nazirliyin başqa məsul şəxslərinə, eyni zamanda həmkarlarıma öz minnətdarlığımı bildirirəm.
Qeyd edim ki, mənfəətin 75 faizinin vergidən azad olunması böyük təşəbbüs olsa da, təəssüf ki, kino sahəsində gəlirlər aşağı səviyyədədir. Bunun əsas səbəblərindən biri büdcələrin az olması və istehsalat xərclərinin günü gündən artmasıdır.
Nəzərinizə çatdırım ki, digər imtiyazların həyata keçrirlməsi məqsədilə tərəfimizdən müəyyən təkliflər də irəli sürülüb. Məsələn, gəlirin ƏDV-dən azad olunması, özəl şirkətlərin filmlərə sponsor olduqda vergiyə cəlb olunmaması və s. Ümüd edirəm ki, bu addım sonuncu deyil, bizlərin üzərimizə götürdüyümüz öhdəliklər, verdiyimiz vədlərə uyğun olaraq icra olunarsa və kinomuza töhfələr verərsə, dövlətimiz daha yeni addımlar atacaq.
- Son illər Azərbaycan kinosunun inkişafı ilə bağlı müəyyən addımlar atılır, amma ciddi irəliləyiş müşahidə olunmur? Səbəb nədir - maliyyə, kadr çatışmazlığı, yoxsa?..
- Bir az öncə qeyd etdiyim kimi, kino istehsalı ciddi, ağır prosesdir və tez bir zamanda nəticə əldə etmək mümkün deyil. Bir də filmin ərsəyə gəlməsində ən döyük maneə bürokratik işlərdir. Bu problemləri özəl sektorda çalışan kino şirkətləri daha çevik həll edir. Amma onlar da janr və süjet xətti seçdikdə çox saylı tamaşaçının zövqünə uyğunlaşmaq məcburiyyətindən filmlər bayağı, az sayda da olsa da bizim uyğun bildiyimiz tamaşaçı kütləsinə maraqlı olmayan filmlər təqdim edirlər. Bəli düz qeyd etmisiniz, səbəb olaraq maliyyə, kadr çatışmazlığı önəmli ünsürlərdəndir. Kinoda çalışan çox sayda fərqli sahələrin mütəxəssisləri mövcuddur. Və özəlliklə çəkiliş qrupunun tədris ocaqları yoxdur və ya yetərli deyil. Ona görə praktiki çəkilişlərə dəvət olunduqları zaman əldə ediləcək tərcübə yeganə vasitədir.
Hazırda çox ciddi irəliləyişlər var. Film istehsalı ciddi bir prosesdir və başqa sahələrdən fərqi, yaradıcılıq ilə istehsalat prinsipləri ilə vəhdət təşkil etməsidir. Bəzi nəticələri bu il ərzində görüb, dəyərləndirə biləcəyik. Qeyd edim ki, Azərbaycan Mədəniyyət Nazirliyinin davamlı dəstəyi ilə umumən kino sənətində 3-4 ilə əməlli fərq hiss olunacaq.
- Azərbaycanın Zəfərindən artıq 3 ildən çox vaxt ötür. Gözlənilirdi ki, bu qələbə və yaxud Azərbaycanın tarixi keçmişi, onun şəxsiyyətlərini əks etdirən filmlər ortaya çıxacaq. Amma gözləntilər özünü doğrultmadı...
- Eşitdiyimə görə ARKA (kino agentliyi)-nın Türk film şirkəti ilə birgə istehsalı olan 44 günlük ll Qarabağ müharibəsi haqda böyük bir film layihəsi hazırlıq mərhələsindədir. Amma mənim fikrimi bilmək istəsəniz, Qarabağ müharibəsində qələbə haqda bədii film hələ bundan sonra ərsəyə gəlməlidir. Çünki bədii film faktlara istinad edən yaradıcı iş olduğuna görə böyük məsuliyyət tələb edir və müharibənin canlı şahidləri tərəfindən bir mənalı qarşılanmaya bilər. Buna dünya kino tarixində də rast gələ bilərik.
Başqa bir məsələ, peşəkar sənədli filmlərin çəkilişi çox sayda həyata keçməsi lazımdır. Bu işi sabaha qoymaq olmaz. Baxmayaraq ki, yerli TV-lər mütəmadi olaraq bu işlə məşğul olur, mənim bəhs etdiyim tam metrajlı sənədli kino janrıdır.
- Azərbaycan, Türkiyə və İran filmləri - onlar arasındakı fərqlilikləri necə izah edərdiz?
- Sözsüz ki, İran filmləri dünyada məhşurdur. Buna əsas səbəb böyük bir kino məktəbi və kino xadimləri üçün yaradılan şəraitdir.
Azərbaycan kinosu da özünəməxsusluğu ilə fərqlənib. Baxmayaraq ki, kino tariximiz qonşu ölkələrdən daha əvvəl - 19-cu əsrin sonlarında (1898) başlayıb. 60-80-ci illərdə Azərbaycan kinemotoqrafçıları dəyərli filmlər ərsəyə gətirdilər. Həmin filmlər bu günə qədər öz aktuallığını və bədii təravətini qoruyub, saxlaya bilib. Sovetlər birliyinin tənəzzülündən sonra üzrlü səbəblərə görə milli kinomuz müəyyən problemlərlə üzləşdi. Xüsusən Qarabağ probleminin bu işə böyük təsiri oldu. Lakin hazırda bu istiqamətdə ciddi islahatlara start verilib.
Türk kinosu isə son 10-15 ildə öz sözünü deməyə başlayıb. Çox dəyərli rejissorlar bu illər ərzində yaranıb. Ümumilikdə isə Türk film istehsalı seriallara yönəlib və Amerikadan sonra sayca ikinci yerdədir. Dünyanın bir neçə ölkəsində yayınlanır. Bu böyük göstəricidir.
Mən əminəm ki, Azərbaycan kinosu yaxınlarda yenə öz sözünü deyəcək. Bununla bağlı müxtəlif ideyalarımız və planlarımız var.
- Rəhbəri olduğunuz qurum bu günə qədər hansı uğurlu nailiyyətlər əldə edib?
- Bu il təsisçisi olduğum “Cinealliance” MMC-nin yaranmasının 25-ci il dönümüdür. "Cinealliance” Azərbaycanda ilk açılan (1999) peşəkar kino şirkətidir. Qurum ilk günlərdən etibarən film istehsalı üçün nəzərdə tutulan dünyanın ən yeni kino avadanlıqlarının və istehsalat sonrası işlərdə istifadə olunan ən öndə gələn cihazların ölkəyə gətirilməsi ilə işə fəaliyyətə başlayıb. Müasir avadanlıqlarla peşəkarcasına çalışa bilən gənc kadrların hazırlanması bizim təməl prinsiplərimizdəndir. Yüksək qürur hissi ilə deyə bilərik ki, nəticə olaraq hazırda ölkənin aparıcı prodakşn şirkətlərində məhz bu ocağın yetişdirdiyi onlarla mütəxəssislər çalışır. Ən çox dəyər verdiyimiz iş isə 2013-cü ildə “Qarabağdır Azərbaycan” filmidir.
Ümumiyyətlə şirkət 25 illiyində restyling edərək bütün zəruri istiqamətlərdə, xüsusilə marketing stragetiyasında əsaslı dəyişikliklər etməyi, o cümlədən bu günə qədər hazırladığı əksər dəyərli materialları sosial media üzərindən ictimaiyyyətə nümayiş etdirməyi planlaşdırır.
- Güney Azərbaycan və orada baş verənlərlə bağlı nə vaxtsa film ərsəyə gətirməyi düşünmüsünüzmü?
- Bəli, belə bir film layihəmiz var. Hələ ki, layihənin inkişaf mərhələsindəyik. Senarist və film distribüter araşdırılması üzrə iş gedir. Filmin süjet xətti hazırdır. "Co-production" olaraq Avropa film şirkətlərinin biri ilə əməkdaşlıq olacaq. Çəkilişın böyük bir qismi o ölkədə çəkiləcək. Fikrimcə, filmin məzmunu haqda açıqlama vermək hələ ki, tezdir".
Xalidə Gəray
"Azərbaycan Post"